Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansının inkişaf edən liderlərinin Birinci Məzunlar Sammiti keçirilmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə Bakıda "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama" devizi altında keçirilən İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 31-də BMT-nin Sivilizasiyalar Alyansının inkişaf edən liderlərinin Birinci Məzunlar Sammiti keçirilmişdir   

AzərTAc xəbər verir ki, tədbirin əhəmiyyətindən danışan Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs QARAYEV ölkəmizdə məqsədyönlü gənclər siyasətinin uğurla həyata keçirildiyini diqqətə çatdırmışdır. Vurğulanmışdır ki, Azərbaycan gəncləri ölkədə həyata keçirilən bütün layihələrə cəlb olunurlar ki, bu da onların gələcəkdə inkişaf etməsinə böyük töhfələr verir.

BMT-nin Sivilizasiyalar Alyansının rəhbəri, BMT baş katibinin ali nümayəndəsi Nassir Əbdüləziz əl-NASSER  "İnkişaf edən liderlər" proqramı haqqında məlumat vermişdir. Bildirmişdir ki, proqramın məqsədi Qərb və İslam dünyasında bir-birini yaxşı tanıyan, eləcə də qarşılıqlı surətdə mənsub olduqları cəmiyyəti, onun mədəniyyətini dərindən öyrənən və onlara hörmət edən, qarşılıqlı inam və gələcək əməkdaşlığı inkişaf etdirən yeni nəsil liderlər yetişdirməkdir.

Ali nümayəndə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna yüksək əhəmiyyət verən Azərbaycan hökumətinə minnətdarlığını bildirmişdir.

Gənclər və idman nazirinin müavini İntiqam BABAYEV Azərbaycanın gənclər ölkəsi olduğunu diqqətə çatdırmışdır. Vurğulanmışdır ki, ölkədə uğurla həyata keçirilən gənclər siyasətində əsas istiqamətlərdən biri də onların mədəniyyətlərarası dialoqda iştirakına şərait yaratmaqdır. Bu baxımdan sammitin Azərbaycanda keçirilməsi böyük əhəmiyyət daşıyır.

Tədbirdə "İnkişaf edən liderlər" proqramı məzunlarına diplomlar təqdim edilmişdir. Sonra məzunlar arasında proqram çərçivəsində görülmüş işlər barədə fikir mübadiləsi aparılmışdır.

 

Azərbaycan.-2013.- 1 iyun.- S.4.